Mənim əmim - Hümbətov Araz Rəsul oğlu 1998-ci ildə əsgər olub, 2000-ci ildə isə Murovdağ yüksəkliyində şəhid olub. Ordudan tərxis olunmasına 8 gün qalmış düşmən gülləsinə tuş gələn əmim şərəfli ölümlə Vətən torpağınnın bir parçasına çevrildi. O zamanlar valdeyinlərimizin çox acılı günləri olub. Mən onun şəkillərdəki məğrur baxışına hər zaman heyrətlə baxıram. Şəhidlik zirvəsinə ucalmış əmim ən müqəddəs insan kimi gözlərimdə canlanır. Hər kəs Araz əmimin bacarığından, mehribanlığından, vətənpərvərliyindən danışır. Mən öyrənmişəm ki, şəhidlər ölmür. Araz əmim onu tanıyanların qəlbində əbədi yaşayır. Əmim şəhidlik zirvəsinə ucaldığı üçün onunla fəxr edirəm, qürur duyuram. Vətənə sevgim, düşmənə nifrətim əmimin mənəvi ucalığa yüksəlməsi ilə daha da artıb.
Biz Hacıkənddə 22 il yaşadıqdan sonra Gəncə şəhərində məcburi köçkünlər üçün salınmış yeni gözəl qəsəbədə müvəqqəti məskunlaşmışıq. Mən inanıram ki, Cənab Prezidentimiz İlham Əliyevin komandanlığı ilə və qüdrətli ordumuzun gücü nəticəsində doğma yurdumuza geri qayıdacağıq.
Biz uşaqlar da vaxtı çatanda Araz əmim kimi əsgər olacağıq və yeri gələrsə canımızı, qanımızı Vətənimiz uğrunda fəda edəcəyik. İnşallah üçrəngli şanlı bayrağımızı Qarabağda-Xankəndində, Xocalıda və digər işğal altında qalan torpaqlarımızda dalğalandıracağıq.
Allah bütün şəhidlərimizin ruhunu şad etsin!
Rəsul HÜMBƏTOV,
Xocalı rayon Başəkənd kənd tam orta məktəbin VI sinif şagirdi